Mobil cihazların qeydiyyat sisteminin yaradılması vətəndaşların mobil cihazlardan tam rahatlıqla istifadə etməsinə şərait yaradır.
Oğurlanmış cihazlardan istifadəsinin qısa müddət ərzində dayandırılması, əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sistemi çox əhəmiyyətlidir. Araşdırmalar zamanı məlum olmuşdur ki, dünyanın bir çox ölkələrində oğurlanmış mobil cihazlar müxtəlif yollarla Çin Xalq Respublikasına, Tailand, Malayziya, Birləşmiş Ərəb Əmirliklərinə və s. digər ölkələrə gətirilir və burada həmin cihazlar üzərində müxtəlif yenilənmə əməliyyatları aparıldıqdan sonra təkrar istismar üçün qeydiyyat sistemi olmayan ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilirdi. Bu tip mobil cihazların isə texniki parametrləri standartlara uyğun olmur, keyfiyyət əmsalları aşağı olur və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayırlar. Mobil cihazların qeydiyyat sistemi belə cihazların ölkəyə idxalının qarşısını aldı. Artıq ölkə ərazisindəki mobil operatorlar öz şəbəkələrində həmin mobil cihazların istismarına məhdudiyyət tətbiq edir. İtirilən və ya oğurlanan mobil cihazlardan istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Nəticədə mobil cihazların oğurluq halları aradan qalxır.